Baş səhifə
Xəbərlər
Akademiya
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib.
Konfransın açılış tədbirindən əvvəl iştirakçılar BMU-nun inzibati binasında Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyaraq, Ulu Öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev builki konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutduğunu bildirib. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın yaşıl enerji zonası elan edildiyinə, həmin ərazilərdə görülən işlərə diqqət çəkən rektor yaşıl enerjinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Cari ilin noyabr ayında paytaxtımızın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini deyən Yaqub Piriyev bunun beynəlxalq səviyyədə Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb.
Çıxışının sonunda rektor beynəlxalq tədbirə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərildiyini, onlardan 548-nin konfransın proqramına daxil edildiyini bildirib. Konfransa Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələrin təqdim olunduğunu da deyən Yaqub Piriyev gənc tədqiqatçıların nailiyyətlərini ictimaiyyətə çatdırmaq, tədqiqat işlərinə marağın artırılması baxımından konfransın əhəmiyyətini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi irsinin gənc tədqiqatçılar üçün böyük araşdırma mənbəyi olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində qazanılan şanlı zəfərdən sonra intellektual potensialın gücləndirilməsinə diqqətin daha da artırılmasının vacibliyini bildirib. Akademiya rəisi şəhid və qazilərimizin hərb meydanında nümayiş etdirdikləri böyük qəhrəmanlıq və fədakarlıqların ardınca ali təhsil müəssisələrinin də elm meydanında fəaliyyətləri ilə ölkəmizin gələcəyinə töhfə verə biləcəklərini vurğulayıb. Qulu Novruzov, həmçinin qabaqcıl elmi sahələrdə tədqiqatların aparılması, elmi trendlərin sürətlə dəyişməsi, yeni elmi tendensiyalar üzrə proqnozlar, qlobal elmi resurslara çıxışın təmin olunması, süni intellektin idarə olunması kimi məsələlərlə bağlı fikirlərini paylaşıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dövlət tərəfindən həyata keçirilən uğurlu ekoloji siyasətdən söz açıb. Azərbaycanın növbəti illər üçün sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin məhz “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğunu xüsusi vurğulayan komitə sədri qlobal iqlim dəyişiklikləri, ekoloji disbalans kimi beynəlxalq müstəvidə yer alan problemlərə diqqət çəkib.
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov isə Ümummilli liderin və Prezident İlham Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafındakı müstəsna xidmətlərinə diqqət çəkib. Şahin Bayramov konfransın əhatə etdiyi sahələrin davamlı inkişafı istiqamətində son illər atılan addımlar, eləcə də ali təhsil müəssisələrinin qarşısında duran mühüm missiya və vəzifələrdən söz açıb.
Çıxışlardan sonra plenar iclasda elmi məruzələr dinlənilib və sonda məruzəçilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ikigünlük konfransda gənc tədqiqatçılar əsas istiqamətlər üzrə seksiyalarda məruzələrlə çıxış ediblər.