Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib
Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilən ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib.
Qiymətləndirmədən öncə ixtisasartırma təlimlərinin dinləyiciləri ilə görüşən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq, gömrük xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən həm nəzəri, həm də praktiki hissədən ibarət olan təlimlərin effektivliyindən söz açıb. Q. Novruzov yekunlaşan bütün təlimlərin dinləyiciləri arasında məmnunluqla bağlı keçirilən sorğuların sözügedən təlimlərin keyfiyyətinin yüksəldilməsinə önəmli təsirini də qeyd edib. O, həmçinin gömrük sistemində aparılan islahatlara toxunaraq, müasir tələblərin gömrük xidməti əməkdaşları üçün fərqli bacarıqları zəruri etdiyini bildirib.
Akademiya rəisi obyektivlik və şəffaflıq prinsipi əsasında keçirilən yekun qiymətləndirmənin təşkili prosesindən də söz açaraq sonda dinləyicilərə uğurlar arzulayıb, əldə edilən bilik və bacarıqların onların xidməti fəaliyyətlərinə önəmli töhfə verəcəyini əminliklə qeyd edib.
Görüşdən sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.
Qeyd edək ki, 6 həftə ərzində davam edən və 40 nəfər gömrük əməkdaşının qatıldığı təlimlər müxtəlif mövzuları əhatə edib. Digər mövzularla yanaşı dinləyicilər üçün, həmçinin Maliyyə Monitorinqi Xidməti tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sisteminin əsasları və təməl anlayışları” mövzusunda təlim keçirilib. Təlimdə peşəkar mütəxəssislər tərəfindən ƏL/TMM haqqında qanunvericiliyin tələbləri, FATF tövsiyələri barəsində geniş məlumat verilib və hazırlanmış təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.