Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin tədbirində təmsil olunmuşdur
Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin tədbirində təmsil olunmuşdur
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində pilot formatda təsis edilmiş Elmi İşlər Komitəsinin növbəti iclası keçirilib. DGKA-nın Elmi İşlər üzrə rəis müavini və Komitənin üzvü Cəmilə Namazova iclasda iştirak edib.
İclasda açılış nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru, prof. İbad Abbasov, layihənin Azərbaycan ali təhsilinə verdiyi və verə biləcəyi töhfələr barədə ətraflı məlumat vermişdir. Elmi İşlər Üzrə Komitənin fəaliyyətinin uğurunu və bu fəaliyyətin elmi tədqiqatlarda mövcud boşluqların dəyərləndirilməsində və müvafiq sahələr üzrə universitetlərin arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Akademiyanın rəis müavininin müzakirələrdə aktiv iştirak etdiyi tədbirdə Elmi İşlər Komitəsinin sədri, i.ü.f.d Elçin Süleymanov, komitənin 2023-cü ildəki fəaliyyətini əhatə edən hesabatı təqdim edərək Elmi İşlər Komitəsinin 2023-cü il ərzində ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyətinin inkişafı ilə əlaqədar mühüm işlər həyata keçirdiyini, 10 online və oflayn toplantının və elmi nəşrlərə dair 5 təlimin təşkil edildiyini vurğulayıb. O, qeyd edib ki, universitetlərin elmi tədqiqat fəaliyyətləri üzrə anketlər və elmmetrika fəaliyyətləri həyata keçirilib, Azərbaycanda ali təhsil müəssisələrində TEC (Təhsil və Elm) fəaliyyətinin təşkili ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması və onun təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb. Elmi jurnalların müzakirəsi, DOİ indeksinin alınması və Açıq Jurnal Sistemində (OJS) elmi jurnalların inteqrasiyası kimi məsələlər də Komitə fəaliyyətinin gündəmində olub.
İclasda layihə koordinatoru, Bakı Biznes Universitetinin Universitet-Sənaye İş Birliyi Şöbəsinin müdiri Gülşən Bayramova, layihə çərçivəsində görülən işlərə dair qısa hesabatla çıxış edərək, layihəyə 15 tərəfdaş universitetin qoşulduğunu, üzv və assosiativ üzvlərin sayının 23-ə çatdığını vurğulamışdır.
Daha sonra, layihə çərçivəsində pilot olaraq yaradılan Elmi İşlər Üzrə Komitəsinin sədri, i.ü.f.d Elçin Süleymanov, komitənin 2023-cü ildəki fəaliyyətini əhatə edən hesabatı təqdim etmişdir.Elmi İşlər Üzrə Komitənin 2023-cü il fəaliyyətinin hesabatında ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, qaynaqların əlçatanlığı, tədqiqatların istiqamətlərinin düzgün seçilməsi, elmi tədqiqat saatlarının artırılması və elm istiqamətinin populyarlıq qazanması kimi təkliflər öz əksini tapıb.
Yekunda Elmi işlər üzrə komitəyə yeni sədr seçilməsi ilə şəffaf səsvermə həyata keçirilmişdir. Səsvermə əsasında Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru prof. Gülzar İbrahimova sədr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin , elmi işlər üzrə prorektoru Sədaqət Əliyeva və Bakı Ali Neft məktəbinin tədqiqat və innovasiyalar şöbəsinin müdiri İlkin Axundov sədr müavini olaraq seçilmişdir.
Qeyd edək ki, Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə benefisiar kimi iştirakı 2022-ci ilin aprel ayından başlayıb.
Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.