Gömrük Akademiyasında Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral - Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz, şəhid ailələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının tarixinə nəzər salaraq bu faciənin 32 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdiyini qeyd edib. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən tarix elmləri namizədi Boran Əziz Xocalı soyqırımı haqqında məlumat verərək onun ağır nəticələri barəsində bəhs edib. Həmin dövrü tarixi aspektlərdən təhlil edən natiq bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.
Daha sonra tədbir Akademiyanın tələbələrinin ifasında ədəbi-musiqili kompozisiya ilə davam edib.