Gömrük Akademiyasının tələbəsinin ideyası qalib olub
Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər Həftəsi” çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində gənclərin iştirakı ilə “Gənclərin ideya marafonu” adlı tədbir keçirilib.
Digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin də iştirak etdiyi tədbirin məqsədi gənclərin hərtərəfli və ahəngdar inkişafı ilə bağlı keçirilən layihələrin keyfiyyətinin artırılması üçün ideya təkliflərinin hazırlanması, müzakirəsi və seçilməsidir.
“Gənclərin ideya marafonu” çərçivəsində iştirakçılar komanda şəklində ideya təklifinin məzmunu, məqsəd və vəzifələrini, icra prosesini, qiymətləndirməni və davamlılığın təmin edilməsi ilə bağlı yanaşmalarını münsiflər qarşısında əsaslandırıblar.
Tədbirdə I kurs Hüquqşünaslıq ixtisasının tələbəsi Məsumə Cəbrayılzadənin irəli sürdüyü ideya sayəsində ““Critical thinking” metodunun inkişafı üçün mentorlar və fond” layihəsi ilə onun iştirak etdiyi komanda qalib olaraq I yerə layiq görülüb.
Sonda qaliblərə mükafatlar təqdim olunub.