Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə “ALLSAFE” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Gömrük Akademiyası ilə “ALLSAFE” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “ALLSAFE” Kibertəhlükəsizlik Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Akademiyada təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “ALLSAFE” şirkətinin direktoru Gülşah Bakırlı və şirkətin nümayəndələri, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müdafiə sənayesi müşaviri İlker Türkgöz, DGK-nın Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanov, Komitənin Kibertəhlükəsizlik şöbəsinin rəisi Turqut Vəliyev, DTX-nin Heydər Əliyev adına Akademiyasının, DİN-in Polis Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin, Bakı Mühəndislik Universitetinin, həmçinin digər dövlət və özəl qurumların nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq Akademiya ilə qardaş Türkiyənin növbəti kibertəhlükəsizlik şirkəti arasında qurulan ikitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açıb. Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edən Q. Novruzov təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub. İT-nin dövlət təhlükəsizliyinin vacib komponentinə çevrildiyini qeyd edən Q. Novruzov bu istiqamətdə qurulan əməkdaşlığın Akademiya ilə yanaşı bütövlükdə Azərbaycan təhsilinin inkişafına töhfə verəcəyinə əminliyi vurğulayıb.

Daha sonra “ALLSAFE” şirkətinin direktoru Gülşah Bakırlı şirkətin fəaliyyət istiqamətləri, xidmətləri barəsində məlumat verərək Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını bildirib.

Görüşdə çıxış edən DGK sədrinin müavini Natiq Şirinov son dövrlərdə Komitə tərəfindən kifayət qədər rəqəmsal həllərin həyata keçirildiyini qeyd edərək gömrük əməkdaşları tərəfindən yaradılan innovativ platformalar haqqında məlumat verib. N. Şirinov kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən söz açaraq qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün uğurlu olmasını arzu edib.

Çıxış edən digər qonaqlar da müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini sevindirici hal kimi qiymətləndiriblər.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “ALLSAFE” şirkətinin direktoru Gülşah Bakırlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.