Baş səhifə
Xəbərlər
Akademiya
Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasından 12 il ötür

Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasından 12 il ötür

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş kadrların hazırlanmasına, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirilməsinə xüsusi önəm verilən Gömrük Akademiyasında hazırda bakalavr səviyyəsində 5 ixtisas – Hüquqşünaslıq, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində), İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasları üzrə, magistratura səviyyəsində isə Gömrük işi və Beynəlxalq iqtisadi hüquq ixtisaslaşmaları üzrə mütəxəssis hazırlanır. Gömrük Akademiyasında Əlavə təhsilin təkrar (ikinci) ali təhsil istiqaməti üzrə də Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisaslarına qəbul həyata keçirilir.

Akademiyada həmçinin gömrük orqanlarında xidmət edən əməkdaşların ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edilir.

Dövlət Gömrük Komitəsinin Akademiyası hər zaman olduğu kimi tələbə qəbulu üzrə öz yüksək göstəricilərini qoruyub saxlayır.

Qeyd edək ki, tədris mühitinin inkişafında innovativ və səmərəli təlim metodlarının, tədris texnologiyalarının tətbiqini daim diqqətdə saxlayaraq, Akademiya tərəfindən gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) müxtəlif onlayn kursları (sertifikat proqramları), elektron öyrənmə (e-learning) modullarını və digər onlayn resursları özündə birləşdirən təlim platformalarından geniş istifadə olunur.

Milli və qlobal elm və təhsil mühitinin inkişafı istiqamətində uğurlarımızın davamlı olacağına inanaraq Akademiyanın 12 illiyi münasibətilə bütün kollektivi və tələbələri təbrik edir, hər kəsə uğurlar arzulayırıq!