Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib. Q. Novruzov 34 il əvvəl Bakıda törədilən faciənin tarixindən danışaraq 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar hadisəsinin qurbanlarının qanlarının yerdə qalmadığını vurğulayıb.
Akademiya rəisi gələcək nəsillərə də qəhrəmanlıq və zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini diqqətə çatdıraraq suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün Vətən övladlarının xatirələrinin xalqımız tərəfindən hər zaman minnətdarlıq duyğusu ilə yad olunacağını qeyd edib.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən Akademiyanın tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsinin əzmkarlığın, vətənpərvərliyin zəfər salnaməsi olduğunu bildirib. C. Həsənova faciənin tarixinə nəzər salaraq üzərindən 34 il ötməsinə baxmayaraq, bu tarixin xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığını, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacağını vurğulayıb.
Daha sonra Akademiyanın “Hüquqşünaslıq” ixtisasının 2-ci kurs tələbəsi Aybəniz Gözəlova “20 Yanvar hadisələri beynəlxalq cinayət kimi” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə həmçinin Akademiyanın tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.