Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb

Gömrük Akademiyasında buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələrinin buraxılış işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.

Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamı ilə yaradılmış Dövlət Attestasiya Komissiyalarına “İqtisadiyyat" ixtisası üzrə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, i.ü.f.d., dos. Elçin Süleymanov, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi kafedrasının dosenti, f.r.ü.f.d. Yaşar Hacıyev, “Hüquqşünaslıq” ixtisası üzrə Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının professoru, h.ü.e.d, prof. Midhəd Qəfərov sədrlik edib.

Magistratura səiyyəsi üzrə ixtisaslaşmış Elmi şura iclasları “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə h.ü.e.d, prof. Əmir Əliyev, “Gömrük işi” ixtisaslaşması üzrə Lənkəran Dövlət Universitetinin Strateji inkişaf üzrə rektor müşaviri, i.ü.e.d, prof. Telman İmanovun sədrliyi ilə keçirilib.

Tələbələr buraxılış və dissertasiya işlərinin mövzularına uyğun müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edərək komissiyanın suallarını cavablandırıblar.

Müdafiə proseslərinin sonunda çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov məzunları təbrik edərək müdafiə prosesinin təşkilində əməyi keçən hər kəsə, həmçinin məzunlarla bərabər, onları yetişdirən valideynlərə və müəllimlərə də öz təşəkkürünü bildirib. Q. Novruzov gənclərin həyatında qalibiyyət ruhunun həmişə yaşamasını və şəhidlərimizin ruhu qarşısında borc hissinin onları heç vaxt tərk etməməsini diləyərək, məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Komissiya sədrləri və üzvləri yüksək səviyyədə təşkil edilən müdafiə prosesinə görə Akademiya rəhbərliyinə öz təşəkkürlərini bildirərək, məzunlara uğurlar diləyiblər.

Məzunlar da öz növbələrində təhsil aldıqları müddətdə onlar üçün yaradılan hər bir şəraitə görə Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür ediblər.