Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə növbəti simpozium keçirilib

Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə növbəti simpozium keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə-Rusiya əlaqələri” mövzusunda III Beynəlxalq Simpozium keçirilib. Onlayn formatda baş tutan simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı ABŞ, Almaniya, Gürcüstan, Rusiya, Ukrayna və digər ölkələrdən alim və tədqiqatçılar qatılıblar.

Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasındakı sosial, iqtisadi və siyasi münasibətləri müzakirə etmək və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə vermək məqsədilə təşkil edilən simpoziumda açılış nitqi ilə çıxış edən prof. Nadim Macit iştirakçıları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Türkiyə-Rusiya münasibətlərinin yeni çalarlarının bütövlükdə regionda baş verən siyasi proseslərə bilavasitə təsir edən mühüm amillərdən olduğunu qeyd edən N. Macit keçirilən tədbirin elm dünyası üçün geniş töhfə verəcəyinə əminliyini vurğulayaraq, simpoziumun işinə uğurlar arzulayıb.

Tədbirin açılış hissəsində çıxış edən Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun salamlarını tədbir iştirakçılarına çatdıraraq Akademiya ilə Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib. Türkiyə-Rusiya münasibətlərinin müxtəlif aspektlərdən araşdırılmasının önəmini vurğulayan Araz Aslanlı tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edərək simpoziumun işinə uğurlar arzulayıb.

Daha sonra simpozium sessiyalarla öz işini davam etdirib.

Qeyd edək ki, ötən il də Akademiya ilə Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz" mövzusunda II beynəlxalq simpozium keçirilmişdir.