Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova iştirak ediblər.
Tədbirin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə giriş nitqi ilə çıxış edərək Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olduğunu qeyd edib. Q. Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akademiya rəisi 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycanın artıq regionda yeni geosiyasi reallıqlar yaradan dövlətə çevrildiyini qeyd edib və Azərbaycan xalqının rifahının, əmin-amanlığının davamlı olmasını arzu edərək bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.
Daha sonra tədbirdə məruzəçi qismində çıxış edən tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq onun şanlı tariximizdəki yeri və rolundan, bir sıra sahələrin inkişafında həyata keçirdiyi tədbirlərdən danışıb və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd edib. O, həmçinin ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini də xüsusilə vurğulayıb. Çıxışının sonunda K. Nəcəfova gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində keçirilən bu cür tədbirlərin davamlı olmasını arzu edərək təbdir iştirakçılarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib.
Çıxışlardan sonra 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.