Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib

Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli lider Heydər Əliyev və hüquq mühafizə orqanları” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Gömrük Akademiyasının rəhbərliyi, Akademiyanın, həmçinin  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Daxili Işlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin və Heydər Əliyev adına Hərbi İnstitutun əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği məqsədilə keçirilən elmi tədbirin əhəmiyyətindən bəhs edib. Akademiya rəisi müstəqil Azərbaycan var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Konfrans iştirakçılarını salamlayan Akademiyanın Elmi işlər üzrə rəis müavini, prof. Cəmilə Namazova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən konfransı xüsusi təyinatlı ali təhsil müəssisələri arasında yaradılan səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirərək əbədiyaşar liderin çoxşaxəli fəaliyyətinin müxtəlif tarixi dövrlərinə həsr olunan konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının İctimai-siyasi fənlər kafedrasının rəisi, i.ü.f.d, dosent Müşfiq Ramazanov və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının müəllimi, polis mayoru Rafik Quliyev də Ümummilli liderin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə hüquq-mühafizə orqanlarının formlaşmasındakı rolundan bəhs ediblər.

Daha sonra tədbirdə Akademiyanın fəaliyyət istiqamətləri barəsində təqdimat nümayiş olunub.

Konfrans iştirakçıları “Ümummilli lider Heydər Əliyevin müasir gömrük xidmətinin formalaşmasında müstəsna rolu”, “Heydər Əliyev və hüquq islahatları”, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti”, Heydər Əliyev - tarixi zəfərə gedən yol” və s. mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.

Sonda Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan videoçarx nümayiş olunub.