Gömrük Akademiyasının həmtəşkilatçılığı ilə elmi konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığı” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru vəzifəsini müvəqqəti icra edən Mirhəsən Seyidzadə tədbir iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun DGK-nın beynəlxalq əməkdaşlığının inkişafı istiqamətindəki rolundan və son dövrlərdə bu istiqamətdə keçirilən müxtəlif tədbirlərdən bəhs edib.
Tədbirdə çıxış edən Akademiyanın Elmi işlər üzrə rəis müavini, prof. Cəmilə Namazova keçirilən konfransın əhəmiyyətindən söz açaraq Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığının formalaşmasında Heydər Əliyevin rolundan və DGK ilə ÜGT arasındakı səmərəli əməkdaşlıqdan danışıb.
Tədbirdə həmçinin ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin və DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin fəaliyyəti və gələcək perspektivləri barəsində məlumat verilib.
Daha sonra Akademiyanın tələbələri Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti, beynəlxalq konvensiya və sazişlər, müasir gömrük sisteminin formalaşması mərhələləri və s. mövzular ətrafında Azərbaycan və ingilis dillərində təqdimatlarla çıxış ediblər.