Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hüquq-mühafizə orqanlarının Polşada təşkil etdiyi beynəlxalq seminarda təmsil olunub
Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hüquq-mühafizə orqanlarının Polşada təşkil etdiyi beynəlxalq seminarda təmsil olunub
Dövlət Gömrük Komitəsi (DGK) Avropa İttifaqının (Aİ) Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) və Aİ Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin (EUROPOL) icra etdiyi “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsinin beynəlxalq seminarda təmsil olunub.
“Aİ Hüquq-Mühafizə Agentlikləri ilə Əməkdaşlığın Gücləndirilməsi – Transsərhəd Cinayətkarlığa qarşı Əməkdaşlıq” mövzusuna aid PGŞ beynəlxalq seminarı Polşa Respublikasının paytaxtı Varşava şəhərində CEPOL tərəfindən təşkil edilib. Tədbirdə DGK-nın nümayəndələri ilə yanaşı Avropa İttifaqının, ŞT region ölkələrinin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan), o cümlədən Azərbaycanın və digər ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Təlimin məqsədi Aİ-nin Kriminal Təhdidlərə qarşı Multidissiplinar Platforması (EMPACT) çərçivəsində, layihənin benefisiarı olan ŞT ölkələri Aİ ilə arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizə əməkdaşlığının müzakirəsi olub. Tədbirin əsas panelləri Aİ-nin və ŞT ölkələrinin transsərhəd mütəşəkkil cinayətkarlıq sahəsində son trendlərlə bağlı təcrübələri, CEPOL-un mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlimlər və layihələr vasitəsilə dəstəyi, Aİ xarici sərhədləri baxımından transsərhəd cinayətlərin aşkarlanması və qarşısının alınması, insan və miqrant qaçaqmalçılığı, silah və narkotik qaçaqmalçılığı kimi tematik sahələrlə bağlı olub.
DGK beynəlxalq tədbirdə Əməliyyat-İstintaq Baş İdarəsinin baş təhqiqatçısı Mehriban Əsgərova və DGKA-nın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru, TOPCOP layihəsində Potensialın Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxs Elvin Mecidov tərəfindən təmsil olunub. Onlar “Transsərhəd cinayətkarlığa qarşı əməkdaşlıq: narkotik qaçaqmalçılıq” panelində təqdimatla çıxış ediblər.
Elvin Mecidov TOPCOP layihəsinin müxtəlif tədbirlərində Azərbaycan gömrük xidməti orqanlarının 154 gömrük əməkdaşının iştirakının potensialın gücləndirilməsi sahəsində müvəffəqiyyətli xarici əməkdaşlıq nümunəsi kimi qeyd edərək, transsərhəd cinayətkarlıqla bağlı beynəlxalq təcrübə, bilik və bacarıqların, potensialın artırılması üzrə qarşılıqlı faydalı tərəfdaşlıqların əhəmiyyətindən bəhs edib. O, xüsusilə Azərbaycan üçün transsərhəd narkotik qaçaqmalçılığı ilə mübarizə istiqamətində Aİ təlim proqramlarının, digər beynəlxalq təlimlərin və yeni əməkdaşlıqların əhəmiyyətini vurğulayaraq, mövcud beynəlxalq təlim əməkdaşlıqları haqqında bəhs edib.
Mehriban Əsgərova narkotik vasitələrin qanunsuz transsərhəd dövriyyəsinə qarşı mübarizədə Azərbaycan gömrük xidməti orqanlarının əldə etdiyi uğurlar, aşkarlanmış narkotiklərin növləri, miqyası, kütləsi, qaçaqmalçılıq marşrutları üzrə təqdimatla çıxış edib. O, Azərbaycanın ÜGT-nin gömrük hüquqpozmalarına dair beynəlxalq informasiya mübadiləsi alət olan Gömrük Mühafizəsi Şəbəkəsi və UNODC-nin Beynəlxalq Narkotiklərə Nəzarət Şurası tərəfindən yaradılmış “PICS” sistemi kimi qlobal mexanizmlərdə fəal iştirakını qeyd edərək ölkənin transsərhəd narkotik qaçaqmalçılığa qarşı beynəlxalq fəaliyyətlərə mühüm töhfələr verdiyini qeyd edib. M. Əsgərova 50-dən artıq ölkə ilə Azərbaycanın gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım üzrə ikitərəfli sazişlərinin olduğunu vurğulayıb.
Qeyd edək ki, Gömrük Akademiyası TOPCOP layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur. Ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, DGKA 2021-ci ilin aprel ayında “TOPCOP” layihəsinə tərəfdaş qurum olaraq qoşulmuşdur. DGKA-CEPOL əməkdaşlığı nəticəsində Azərbaycanın müvafiq gömrük xidməti orqanlarının əməkdaşları 2024-cü ilədək layihə çərçivəsində həyata keçiriləcək müxtəlif kurslar, modullar, seminarlar, təlimlər və vebinarlarda iştirak hüququ qazanmışdır.