Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir

Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələrinin 14 həftəlik istehsalat təcrübəsi davam edir. Təcrübə çərçivəsində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük sisteminin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsində elmi-praktiki seminar keçirilib. DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin və Hüquqi Təminat İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Əməliyyat və İstintaq Baş İdarəsinin və Hüquqi Təminat İdarəsinin rəhbər heyəti, əməkdaşları, həmçinin Akademiyanın IV kurs tələbələri iştirak ediblər.

Elmi-praktiki seminarda giriş nitqi ilə çıxış edən Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova tələbələrin təcrübə müddətində əldə edəcəkləri praktiki biliklərin əhəmiyyətindən söz açaraq bu müddət ərzində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Prof. C. Namazova gömrük sisteminin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin rolundan söz açaraq DGK-nın hüquq mühafizə orqanı kimi fəaliyyətində Əməliyyat və İstintaq Baş İdarəsinin rolundan bəhs edib.

Tədbir iştirakçılarını salamlayan Əməliyyat və İstintaq Baş İdarəsinin rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradov son dövrlərdə gömrük sistemində aparılan islahatlardan danışaraq Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin vacibliyini qeyd edib və təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

Tədbirdə həmçinin Əməliyyat - İstintaq Baş İdarəsinin rəisinin müavini Vüqar Abdullayev və Hüquqi Təminat İdarəsinin Beynəlxalq Hüquq Bölməsinin rəisi Maqsud Səfərov gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsində vəzifələri, təmsil etdikləri idarələrinin iş prinsipləri barəsində məlumat verərək tələbələrə gömrük sahəsində praktiki bilikləri əldə etmələri istiqamətində öz tövsiyələrini bildiriblər.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, istehsalat təcrübəsi müddətində tələbələrin maarifləndirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.