Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının qalib tələbələri mükafatlandırılıb

Gömrük Akademiyasının qalib tələbələri mükafatlandırılıb

Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri “Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında keçirilən “Xalqa bağışlanan ömür” adında “Xəmsə” intellektual bilik yarışının qalibi olublar. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında qalib komandanın üzvləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov müstəqil Azərbaycanın qurucusu olan Ulu öndərin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliğinin önəmini qeyd edərək “Heydər Əliyev İli”nə həsr olunmuş yarışda parlaq nəticə ilə qalibiyyət qazanmağın daha dəyərli və qürurverici olduğunu diqqətə çatdırıb.

Qulu Novruzov Akademiya tələbələrinin daim öz fəaliyyətlərində doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini vurğulayaraq bir daha bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlarının davamlı olmasını arzu edib.

Daha sonra qalib komandanın rəhbəri, TGT-nin sədri Fizzə İsmayılova, komanda üzvləri Oruc Vəliyev, Mənsurə Abdullayeva, Cəlal Abbasov və Nicat Rüstəmli Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıblar.