Baş səhifə
Xəbərlər
Akademiya
Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti Gömrük Akademiyasında olub

Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti Gömrük Akademiyasında olub

Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında olub. Görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazanın rəhbərlik etdiyi nümayəndə heyəti, Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Esaulenko, Səfirliyinin müşaviri, səfirin müavini Nicolae Cojuhar, Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov, həmçinin DGK-nın və Akademiyanın əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Q. Novruzov qonaqlara Akademiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığı və əlavə təhsil proqramları haqqında məlumat verib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazan Akademiyanın və ümumilikdə ölkəmizin gömrük xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək təmsil etdiyi qurum haqqında geniş məlumat verib.

Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Görüşdə, əlaqələrin genişləndirilməsi, əməkdaşların peşə biliyinin artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.