Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə Türkiyənin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyası (NEA) arasında görüş keçirilib
Gömrük Akademiyası ilə Türkiyənin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyası (NEA) arasında görüş keçirilib
Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyasının (NEA) nümayəndələr ölkəmizə səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında olublar. Akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyasının (NEA) rəisi Polatkan Akdağ, Mersin vilayətinin Təhlükəsizlik Müdirliyinin müdir müavini Ufuk Ateş, Narkotiklərlə Mübarizə İdarəsinin nəzdində Kinoloji Tədris Mərkəzinin inspektoru Merve Hilal Yıldız, Dövlət Gömrük Komitəsinin Beynəlxalq layihələr və təşkilatlarla əməkdaşlıq şöbəsinin rəisi Mirhəsən Seyidzadə, ÜGT-nin Potensialin Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Hüquq Mühafizə üzrə icraçı əməkdaşı Hacı Hacıyev iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açan Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verib. O, Akademiyanın gömrük təlim-tədris qurumu və eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Regional Təlim Mərkəzi kimi fəaliyyətindən də bəhs edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən NEA-nın rəisi Polatkan Akdağ rəhbərlik etdiyi təlim müəssisəsi haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.