Baş səhifə
Xəbərlər
Akademiya
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb

DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb. Konfransda Akademiyanın və Bakı Mühəndislik Universitetinin rəhbər heyəti, əməkdaşları, tələbələri, eləcə də digər dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc tədqiqatçıları bir araya gətirmək və gənclərin elmə olan marağını artırmaq məqsədilə təşkil edilən konfransda açılış nitqi ilə çıxış edən BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov hər il ənənəvi şəkildə təşkil olunan beynəlxalq tədbirin bu il əlamətdar tarixə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini, bu baxımdan gənc tədqiqatçılar üçün ikiqat önəm daşıdığını bildirib. Prorektor elm və təhsil sahəsinə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli liderin Azərbaycan gəncliyinin milli, vətənpərvərlik ruhunda, zəngin dünyagörüşlü, savadlı kadr olaraq yetişdirilməsi üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb. Konfransa təqdim olunan məqalələrdən söz açan prorektor bu prosesin “Konfrans Elektron İdarəetmə Sistemi” üzərindən həyata keçirildiyini bundan başqa, ölkəmizlə yanaşı konfransa Türkiyə, Rusiya, Amerika, Macarıstan, İtaliya, Özbəkistan, Ukrayna və digər 10-a yaxın ölkədən də məqalə daxil olduğunu qeyd edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini, prof. Cəmilə Namazova Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun adından konfrans iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən konfransı iki ali təhsil müəssisəsi arasında yaradılan səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirib. C. Namazova çıxışında Azərbaycan gəncliyinin formalaşmasında Ulu Öndərin rolu, Heydər Əliyevin gömrük sisteminin modernləşməsinə yönələn iqtisadi siyasəti, gənclərin elmə olan maraqlarının artırılmasının önəmi barəsində bəhs edib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinin Vətən müharibəsində özünü göstərdiyini vurğulayan rəis müavini müstəqil Azərbaycan var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov elmin inkişaf etdirilməsi istiqamətində gənclər üçün yaradılan imkan və onlara verilən dəstəkdən söz açıb.

Tədbirdə həmçinin Akademiyanın İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müdiri, dosent Babək Abbasov çıxış edərək gənc tədqiqatçılara həsr edilən konfransın mahiyyət etibarilə digər konfranslardan fərqli olduğunu, daha kütləvi elm sahələrini əhatə etdiyini söyləyib. B. Abbasov konfransın təşkilində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirərək konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasda digər məruzəçilərlə yanaşı Akademiyanın müəllimi, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti Mehriban Yadulla "Gömrük sərhədində tutulan dolayı vergilərdən yayınmanın təсrid edilməsi üzrə mülahizələr” mövzusunda məruzə ilə çıxış edib.

Sonra plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim edilib.  

Qeyd edək ki, ikigünlük konfransda əsas istiqamətlər üzrə 25 müxtəlif seksiyalarda məruzələr dinlənəcək.