Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən idarəetmə iclasında iştirak edib

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən idarəetmə iclasında iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “Ali təhsildə potensialın gücləndirilməsi” fəaliyyət kateqoriyasında həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin layihə menecerləri üçün təşkil edilmiş iclasında təmsil olunub.

Bakı Biznes Universitetinin (BBU) təşkilatçılığı ilə keçirilən görüşdə Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru, ECAR layihəsi meneceri Elvin Mecidov və Əlavə təhsil şöbəsinin mütəxəssisi Leyla Nəcəfova iştirak ediblər.

Layihənin digər tərəfdaş ali təhsil müəssisələrindən olan nümayəndələrinin də qatıldığı iclasda ECAR layihəsinin koordinatoru Gülşən Bayramova ilə iştirakçılar arasında layihənin tərəfdaş universitetlərdə idarə olunması ilə bağlı aktual məsələlər, daxili təlimlərin təşkili, planlaşdırılan xarici təlim səfərləri və iş paketləri çərçivəsində icra olunan fəaliyyətlərin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Gömrük Akademiyasının ECAR layihəsində tərəfdaşlığına 2021-ci il ərzində layihə konsorsiumu tərəfindən baxılıb, 2021-ci ilin dekabrında Avropa Təhsil və Mədəniyyət İcraçı Agentliyi Akademiyanın layihəyə benefisiar olaraq qoşulmasını qəbul edib və layihənin qrant müqaviləsinə müvafiq düzəlişi qəbul edib. 2022-ci ilin fevralında DGKA-nın layihədə iştirakı Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Aİ-nin Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinator qurumu Bakı Biznes Universitetidir. Layihə 18 Azərbaycan ali təhsil müəssisəsi, Aİ ölkələrindən (Belçika, Fransa, İsveç, Litva, Polşa) 7 tam tərəfdaş qurum və Aİ ölkələrindən olan 4 assosiativ tərəfdaş müəssisədən ibarət konsorsium tərəfindən idarə olunur.

Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.