Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir

Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasının İqtisadiyyat, Hüquqşünaslıq və İnformasiya təhlükəsizliyi ixtisaslarının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda 14 həftəlik istehsalat təcrübəsi davam edir. Təcrübə çərçivəsində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük sisteminin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində elmi-praktiki seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının və DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbər heyəti, əməkdaşları, həmçinin Akademiyanın IV kurs tələbələri iştirak ediblər.

Elmi-praktiki seminarda giriş nitqi ilə çıxış edən Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova tələbələrin təcrübə müddətində əldə edəcəkləri praktiki biliklərin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Prof. C. Namazova gömrük sisteminin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin rolundan bəhs edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən bu istiqamətdə keçirilən və il ərzində planlaşdırılan tədbirlərin önəmindən də danışıb. C. Namazova həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin beynəlxalq sərnişin və yük daşımalarının təşkilində, xarici ticarət əlaqələrinin formalaşmasındakı rolunu xüsusi olaraq vurğulayıb.

Tədbir iştirakçılarını salamlayan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov son dövrlərdə gömrük sistemində aparılan islahatlardan danışaraq Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin vacibliyini qeyd edib və təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

Tədbirdə həmçinin İdarənin struktur bölmələrinin əməkdaşları Elşən Səfərli, Azər Şıxəliyev, Seymur Muradov, Güllü Abdullayeva və Həqiqət İsmayılbəyli tələbələrə gömrük sahəsində praktiki bilikləri əldə etmələri istiqamətində öz tövsiyələrini bildiriblər.

Daha sonra əməkdaşlar tərəfindən tələbələrə idarənin əsas fəaliyyət sahələri, iş prinsipləri barəsində məlumat verilib və onların sualları cavablandırılıb.

Seminardan sonra təcrübəçilər iş prosesini əyani izləyərək idarənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, istehsalat təcrübəsi müddətində tələbələrin maarifləndirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.