Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib

Gömrük Akademiyasında 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Akademiyanın rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbir 31 Mart soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə soyqırımı faciəsini əks etdirən videoçarx təqdim olunub.

 

Açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq 105-ci ildönümü tamam olan 31 Mart Soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu qeyd edib. Faciənin tarixinə qısa nəzər salan Akademiya rəisi soyqırıma siyasi qiymətin verilməsinin xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Q.Novruzov Müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbə nəticəsində tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb. Çıxışının sonunda Akademiya rəisi soyqırımı qurbanlarının timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün soydaşlarımıza Allahdan rəhmət diləyib.

 

Tədbirdə məruzəçi qismində çıxış edən Akademiyanın müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Həsənov mart soyqırımının tarixinə nəzər salaraq, soyqırımı siyasətinin mahiyyəti haqqında bəhs edib. Tarixçi 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından söz açaraq müxtəlif bölgələrimizdə törədilən erməni terroru və vəhşiliklər barəsində məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq gənclərə Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı keçmişini dərindən öyrənməyi tövsiyə edərək gələcək nəsillərə zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini vurğulayıb.

 

Daha sonra tədbirdə Akademiya tələbəsinin “31 Mart-Soyqırımın təsviri” mövzusunda çıxışı dinlənilib və Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş “Azərbaycan” qəzetində ermənilərin məkrli siyasəti ilə bağlı dərc edilən “Ağlını başına yığmaq vaxtıdır” başlıqlı məqalə səsləndirilib.