Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin Litva təlim səfərində təmsil olunub
Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin Litva təlim səfərində təmsil olunub
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində 13-17 mart 2023-cü il tarixlərində keçirilən növbəti təlim proqramında təmsil olunub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin, həmçinin ölkəmizin 20-yə yaxın ali təhsil müəssisəsinin nümayəndələrinin qatıldığı təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı da iştirak edib. Mykolas Romeris Universitetinin ev sahibliyi ilə keçirilən işgüzar görüşlərin məqsədi tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi olub.
Səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, eləcə də Mykolas Romeris Universitetinin rəhbər şəxsləri tərəfindən Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlara və təlimatlar”a uyğunluq, Mykolas Romeris Universitetinin akademik heyətin idarəedilməsinə dair siyasəti, pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm istiqamətlərdə təqdimatlar nümayiş edilib, müzakirələr və fikir mübadilələri aparılıb.
Seminarlarla yanaşı, Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə tanış olublar.
Təlim həftəsində həmçinin layihənin aralıq monitorinq nəticələri barədə iştirakçılara məlumat verilib və layihə çərçivəsində yaradılmış Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib.
Səfər zamanı Akademiyanın rəis müavini Araz Aslanlı Mykolas Romeris Universitetinin rəhbər heyəti ilə görüşərək Akademiya ilə Universitet arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparıb.
Qeyd edək ki, Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlayıb.
Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.