Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir
Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda 14 həftəlik istehsalat təcrübəsi davam edir. Təcrübə çərçivəsində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük sisteminin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsində elmi-praktiki seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının, DGK-nın Bakı Baş Gömrük İdarəsinin, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin və Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavinləri, əməkdaşları, həmçinin Akademiyanın IV kurs tələbələri iştirak ediblər.
Seminarda açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini, Cəmilə Namazova keçirilən seminarın əhəmiyyətindən, son dövrlərdə gömrük sistemində aparılan islahatlardan danışaraq gömrük orqanlarında təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərin buraxılış işlərinin hazırlanmasında faydalı olacağını qeyd edib. Prof. C. Namazova gömrük sisteminin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin rolundan bəhs edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən bu istiqamətdə keçirilən və il ərzində planlaşdırılan tədbirlərin önəmindən bəhs edib.
Tədbirdə Bakı Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Faiq Seyidov, Baş İdarənin Gömrük Əməliyyatları İdarəsinin rəisi Kamran Əliyev və digər çıxış edənlər tələbələrə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib və onlara öz tövsiyələrini veriblər.
Daha sonra əməkdaşlar tərəfindən tələbələrə idarələrin əsas fəaliyyət sahələri, iş prinsipləri barəsində məlumat verilib və onların sualları cavablandırılıb.
Seminardan sonra təcrübəçilərin müvafiq gömrük idarələrinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı tələbələr iş prosesini əyani izləyərək hər üç idarənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, istehsalat təcrübəsi müddətində tələbələrin maarifləndirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.