Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən iclasda iştirak edib

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən iclasda iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tələbə və məzun işləri üzrə komitənin ilk iclası keçirilib. Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilən iclasda digər tərəfdaş ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə və məzunlarla iş üzrə mütəxəssisi Sərvər Şükürov da iştirak edib.

Komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Daha sonra tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.  

İclasın gedişində 3 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.

65% səs çoxluğu ilə Bakı Biznes Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov idarə heyətinin sədri seçilib.

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova sədrin müavinləri seçiliblər.

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələri də daxil olmaqla ümumilikdə 5 komitənin fəaliyyəti nəzərdə tutulub.

Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.