Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu
Gömrük Akademiyasında “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Karmasis Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində qurulan “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib. Azərbaycanda ilk dəfə “Karmasis Azərbaycan” şirkəti tərəfindən Akademiyada qurulan laboratoriyanın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru cənab Qulu Novruzov, “Karmasis” şirkətinin sahibi və baş direktoru Murat Eraydın, “Karmasis Azərbaycan” şirkətinin baş meneceri Berna Baysal, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, İnnovasiya və Rəqəmsal İnkişafı Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin rəhbəri Fatimə Ələkbərova, Dövlət Gömrük Komitəsi də daxil olmaqla digər dövlət və özəl qurumların nümayəndələri, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirin əvvəlində şəhidlərimizin və qardaş Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən söz açan Q. Novruzov “Karmasis Azərbaycan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Akademiyada “Karmasis Azərbaycan”ın öz məhsulları ilə qurulan kibertəhlükəsizlik tətbiq laboratoriyası barəsində məlumat verərək laboratoriyanın təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov elektron ticarətin sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyə daha böyük önəm verildiyini qeyd edərək İT sahəsi üzrə kadr hazırlığının önəmindən bəhs edib. Bu sahə üzrə tələbələrin gələcək inkişafı baxımından qurulan laboratoriyanın önəmindən söz açan sədr müavini laboratoriyanın yaradılmasında göstərdiyi dəstəyə görə “Karmasis” şirkətinə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov texnologiyaların inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi kibertəhlükəsizliyin daim diqqət mərkəzində saxlanılmasını tələb etdiyini bildirib. O, ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu tipli tətbiq laboratoriyalarının yaradılmasını sevindirici hal kimi qiymətləndirib. S. Rəsulov həmçinin, Elektron Təhlükəsizlik Xidmətinin də öz növbəsində sahə üzrə kadr hazırlığı və tədqiqatların aparılması istiqamətində Akademiyaya dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
İnnovasiya və Rəqəmsal İnkişafı Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq İT sahəsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinin vacib rolunu qeyd edib.
“Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal “Karmasis”in yaranma konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib. O, laboratoriyanın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkür edərək Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını ifadə edib.
“Karmasis” şirkətinin sahibi və baş direktoru Murat Eraydın isə bir çox qurumlarda müvəffəqiyyətini sübut etmiş “Karmasis”in təkcə Türkiyədə deyil Azərbaycanda da kibertəhlükəsizlik sahəsində dünya markaları yaratmaq niyyətində olduğunu qeyd edərək gələcəkdə də “Karmasis”lə Akademiyanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
Tədbirin rəsmi hissəsindən sonra “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılışı olub, iştirakçılara laboratoriya barədə məlumat verilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (Infraskope SIEM++, Dataskope – Database Activity Monitoring and Prevention, Infraskope Screen Recorder) Karmasis kibertəhlükəsizlik məhsullarından istifadə etmə və beləliklə, kritik sistemlərə nəzarət etmə imkanı verəcəkdir. Tələbələr Infraskope SIEM++ vasitəsilə Windows, Linux, şəbəkə cihazları, proqram serverləri və s. kimi mənbələrdən gələn log məlumatlarını idarəetməyi, DATASKOPE məhsulunun vasitəsilə kritik verilənlər bazası sistemlərinə girişlərin və yerinə yetirilən dəyişikliklərin planlaşdırıldığı və arzu edildiyi kimi olmasını təmin etməyi, Infraskope Screen Recorder proqram təminatı vasitəsilə isə kritik serverlərdə və ya iş stansiyalarında baş verən əməliyyatları mərkəzləşdirilmiş şəkildə qeyd edib saxlamağı öyrənəcəklər.