Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair növbəti təlim keçirilib

Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair növbəti təlim keçirilib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq sərəncamına əsasən gömrük əməkdaşları üçün “Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında təşkil edilən növbəti ixtisasartırma təlimində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 27 nəfər gömrük əməkdaşı iştirak edib. Təlim ADA Universitetinin müəllimi, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı Nərgiz Bağırova tərəfindən keçirilib.

Təlimin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq son dövrdə gömrük orqanları tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib. Q. Novruzov həmçinin vətəndaşların rahatlığının təmin edilməsi istiqamətində DGK-nın təqdim etdiyi elektron xidmətlər barəsində də söz açıb. Akademiya rəisi keçirilən təlimin gömrük əməkdaşları üçün faydalı olacağına əminliyini vurğulayaraq təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlimdə iştirakçılara mübahisənin həlli üzrə yanaşmalar/modellərin tətbiq edilməsi, insanlarla ünsiyyət zamanı şəxsi dəyərlərin və xüsusiyyətlərin qiymətləndirilməsi, inandırma bacarıqları mövzularında ətraflı məlumat verilib.