Bu gün Gömrük Akademiyasının yaranmasından 11 il ötür
Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş kadrların hazırlanmasına, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirilməsinə xüsusi önəm verilən Gömrük Akademiyasında hazırda bakalavr səviyyəsində 5 ixtisas – Hüquqşünaslıq, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində), İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasları üzrə, magistratura səviyyəsində isə Gömrük işi və Beynəlxalq iqtisadi hüquq ixtisaslaşmaları daxil olmaqla 2 ixtisas üzrə mütəxəssis hazırlanır.
Dövlət Gömrük Komitəsinin Akademiyası hər zaman olduğu kimi tələbə qəbulu üzrə öz yüksək göstəricilərini qoruyub saxlayır. 2022/2023-cü tədris ilində də Akademiya həm bakalavriat, həm magistratura səviyyəsi üzrə 100% qəbul nəticəsi əldə edib.
Akademiyada həmçinin gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması məqsədilə gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimləri təşkil edilir. Qeyd edək ki, tədris mühitinin inkişafında innovativ və səmərəli təlim metodlarının, tədris texnologiyalarının tətbiqini daim diqqətdə saxlayaraq, Akademiya tərəfindən gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) özündə müxtəlif onlayn kursları (sertifikat proqramları), elektron öyrənmə (e-learning) modullarını və digər onlayn resursları birləşdirən təlim platformalarından geniş istifadə olunur.
Milli və qlobal elm və təhsil mühitinin inkişafı istiqamətində uğurlarımızın davamlı olacağına inanaraq Akademiyanın 11 illiyi münasibətilə bütün kollektivi və tələbələri təbrik edir, hər kəsə müvəffəqiyyətlər arzulayırıq!