Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən iclasda iştirak edib

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən iclasda iştirak edib

 

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilən iclasda digər tərəfdaş ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova və Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev da iştirak ediblər.

Komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Daha sonra tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.  

İclasın gedişində 5 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.

60.0% səs çoxluğu ilə Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dos. Elçin Süleymanov  idarə heyətinin sədri seçilib.

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru biologiya üzrə fəlsəfə doktoru, dos. Elvin Əliyev və Azərbaycan Texniki Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor, əməkdar müəllim Sübhan Namazov sədrin müavinləri seçiliblər.

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələri də daxil olmaqla ümumilikdə 5 komitənin fəaliyyəti nəzərdə tutulub.

Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.