Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi ilə görüş keçirilib

Gömrük Akademiyasında DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Aslanov, Baş İdarənin rəis müavini, gömrük xidməti polkovniki Rauf Quliyev, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
 
İT sahəsi üzrə mövcud imkanların nəzərdən keçirilməsi məqsədilə təşkil edilən görüşdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov iştirakçıları salamlayaraq digər ixtisaslarla yanaşı informasiya texnologiyaları sahəsi üzrə də kadr hazırlığını həyata keçirən Akademiyanın fəaliyyəti haqqında bəhs edib. Cari tədris ilində Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisası üzrə ilk məzun buraxılışı həyata keçirəcəyini bildirən Qulu Novruzov İT sahəsi üzrə peşəkar kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi üçün bu sahədə ixtisaslaşmış tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
 
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Baş İdarənin rəisi Fuad Aslanov qurumun fəaliyyəti haqqında söz açaraq gömrük orqanlarının fəaliyyətinin səmərəli təşkilində İT sahəsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinin vacib rolunu qeyd edib. F. Aslanov çıxışında İT sahəsi üzrə kadr potensialının genişləndirilməsi məqsədilə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə vurğulayıb.
 
Tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
 
Daha sonra İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müdiri Babək Abbasov “Ali təhsil müəssisələrində İT və kibertəhlükəsizlik üzrə kadr hazırlığı: Problemlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib.
 
Görüşdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, seminar və müzakirələrin təşkili, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. kimi məsələlərin icrasının təmin edilməsi istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.