Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, tələbələri, YAP-ın Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Adilə Abbasova, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri, Azərbaycan həkimi və yazıçısı Zərifə Quliyeva, YAP-ın Sabunçu rayon təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Cəfərov və "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tədbirdə Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəis müavini Cəmilə Namazova Ümummilli Lider Heyər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan, müasir Azərbaycanın yardıcısı, əbədi müstəqilliyimizin təminatçısı Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il keçdiyini xatırladaraq, dahi şəxsiyyətin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi ilə bağlı olduğunu vurğulayan Q.Novruzov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Natiq bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını qeyd edib. Sonda Akademiya rəisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırıraraq, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.

Tədbirdə çıxış edən YAP-ın Veteranlar Şurasının üzvü Adilə Abbasova Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən söz açaraq Ulu Öndərin elm və təhsilin inkişafına böyük qayğısından və Heydər Əliyevlə bağlı xatirələrindən geniş bəhs edib.

Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək Ümummilli Lider Heyər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq dahi şəxsiyyətlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

YAP-ın Sabunçu rayon təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Cəfərov keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək Akademiyanın vətənpərvərliyin təbliğ edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirirək Azərbaycanın müasir gömrük sisteminin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışıb.

Daha sonra tədbir Akademiya tələbələrinin “Ulu Öndər Heydər Əliyevin ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda şərəfli rolu” mövzusunda çıxışları ilə davam edib.