Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Gömrük Akademiyasında narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati və Azərbaycan Televizisiyasının (AzTV) informasiya dəstəyi ilə “Narkomaniyaya yox deyək! Sağlam yaşayaq!” adlı maarifləndirici tədbir keçirilib.
Gəncləri narkomaniya və pis vərdişlərdən uzaq tutmaq, onları idmana cəlb etmək məqsədilə baş tutan tədbir “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyi tərəfindən təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın baş mütəxəssisi Şəmsəddin Abışov iştirakçıları salamlayaraq narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılmasının önəmini qeyd edib. Narkomaniyanı müasir dövrümüzün ağrılı problemi kimi xarakterizə edən Ş.Abışov gəncləri bu bəşəri bəladan uzaq durmağa səsləyib.
“Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri Elçin Çobanzadə narkomaniya ilə dövlət səviyyəsində mübarizə aparıldığını və rəhbərlik etdiyi təşkilatın bu sahədə mütəmadi tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. O, ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər ərzində narkotik qaçaqmalçılığına qarşı mübarizənin güclənməsində gömrük orqanlarının səmərəli fəaliyyətini xüsusilə vurğulayıb. Narkomaniya ilə mübarizə aparan dövlət və qeyri-hökumət təşkilatları ilə müntəzəm əlaqədə olduqlarını qeyd edən E.Çobanzadə çıxışının sonunda gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Tədbirdə Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu Aygün Ağabalayeva psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra əvvəllər narkotik aludəçisi olmuş, hazırda isə “El-1 idman liqası” nın baş məşqçisi, karate üzrə qara kəmər ustası Adil Heydəri çıxış edib. Narkomaniya mövzusunun sosial problem kimi bütün dünyada aktuallıq kəsb etdiyini vurğulayan A. Heydəri narkomaniya ilə mübarizədə ölkəmizdə gerçəkləşdirilən tədbirlərdən bəhs edib. O, narkomaniyanın acı fəsadlarından bəhs edərək gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.
Sonda mövzu üzrə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.