Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında dini və mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında dini və mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gənclər arasında dini-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş seminar keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev, Akademiyanın əməkdaşları, tələbələri və "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər.
 
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyasının rəisi Q. Novruzov iştirakçıları salamlayaraq, keçirilən seminarın əhəmiyyətindən bəhs edib. 44 günlük Vətən müharibəsində xalq-ordu birliyi sayəsində qazanılmış tarixi Zəfərimizdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsində və siyasi kursunda xüsusi yer almış, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilən tolerantlıq siyasətinin xüsusi rola malik olduğunu qeyd edib. Q.Novruzov tələbələrin fundamental elmi biliklərə yiyələnmələri və milli-mənəvi dəyərlərə sahib olmaları ilə yanaşı dünyagörüşlərinin inkişaf etdirilməsinin Akademiyanın prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda natiq gəncləri radikal dini cərəyanları düzgün dəyərləndirməyə, həmçinin onları mili-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı olmağa çağırıb.
 
Daha sonra çıxış edən Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi V. Əliyev təşkil edilən tədbirin önəmindən söz açaraq gənclərin milli ruhda vətənpərvər şəxsiyyət kimi formalaşması istiqamətində Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. Sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılmasının əhəmiyyətini diqqətə çatdıran V. Əliyev zərərli təbliğatın qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında, gənclərimizin milli ruhda tərbiyə edilməsində cəmiyyətin bütün təbəqələrini fəal olmağa səsləyib.
 
Tədbirdə əsas məruzəçi qismində çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin uğurla inkişaf etdirildiyini, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu qeyd edib. Natiq Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə vuruşmalarının, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olmasını vurğulayıb.
 
Məruzəçi həmçinin gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların milli təhlükəsizlik üçün yaratdığı təhdidlər barədə məlumat verib.
 
Daha sonra Səyavuş Heydərov müəllifi olduğu “Din və ideoloji təhlükəsizlik” kitabını Akademiyanın kitabxanasına hədiyyə edib.
 
Sonda Qulu Novruzov dəvəti qəbul edib gəldiyinə və olduqca məzmunlu məruzəsinə görə Səyavuş Heydərova Dövlət Gömrük Komitəsi və Akademiyanın kollektivi adından təşəkkürünü bildirib.