Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Avropa İttifaqı CEPOL TOPCOP layihəsinin beynəlxalq təlimində təmsil olunub
Gömrük Akademiyası Avropa İttifaqı CEPOL TOPCOP layihəsinin beynəlxalq təlimində təmsil olunub
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Avropa İttifaqının (Aİ) Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) və Aİ Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin (EUROPOL) icra etdiyi “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsinin beynəlxalq təlimində təmsil olunub.
Beş Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan) həyata keçirilən, 2020-2024-cü illəri əhatə edən TOPCOP layihəsi çərçivəsində Milli Əlaqələndirici Şəxslər və Potensialın Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxslər fəaliyyət göstərir. Onlar üçün layihənin “Potensialın Gücləndirilməsi Şəbəkəsi” (PGŞ) fəaliyyət komponenti daxilində hər il CEPOL tərəfindən iclas və təlim təşkil olunur.
Növbəti (3-cü) PGŞ təlimi Macarıstanın Budapeşt şəhərində, Beynəlxalq Təlim Mərkəzində CEPOL tərəfindən keçirilib. Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov TOPCOP layihəsi çərçivəsində Potensialın Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxs qismində təlimdə iştirak edib. Azərbaycan ilə yanaşı təlimə ŞT ölkələrinin hüquq-mühafizə orqanlarının ümumilikdə 12 nümayəndəsi qatılıb.
Təlimin məqsədi layihə çərçivəsində “təlimçilərin təlimi” metodologiyasının və “kaskad üsulu” ilə regional təlim biliklərinin ötürülməsi (təlimlərin kaskadlaşdırılması) konsepsiyasının müzakirəsi, inkişaf etdirilməsi və ilkin olaraq təsdiqlənməsi olub. Onun üçün keçirilmiş təlim sessiyaları iştirakçılara təlim kurrikulumlarının hazırlanması, təlimin kaskadlaşdırılması, Aİ-də mövcud təlim sistemləri, kaskadlaşdırma üsulları haqqında geniş məlumatlar təqdim edib. İclasda həm də tərəfdaş ölkələrin və Aİ-nin təlim praktikaları, 2023-cü il üzrə TOPCOP layihəsinin milli, regional və sub-regional təlim planının formalaşdırılması məqsədilə yeni kriminal təhdidlər, təhlükəsizlik çağırışları müzakirə edilərək onlardan qaynaqlanan təlim prioritetləri və mövzular müəyyənləşdirilib.
Panel sessiyalarında isə “e-learning” (elektron tədris) sistemləri, potensial və imkanları, mövcud “e-learning” inkişaf ehtiyacları müzakirə edilib. Elvin Mecidov Azərbaycanda gömrük sahəsində təlim sistemi, e-learning imkanları, yeni təlim ehtiyacları və onlara müvafiq təkliflər barəsində çıxış edib. Gömrük sahəsində təlim potensialının gücləndirilməsi, yeni prioritet təlim mövzuları TOPCOP layihəsinin 2023-cü il təlim planının layihəsinə CEPOL tərəfindən daxil edilib.
Xatırladaq ki, Akademiya 2021-ci ilin may ayından etibarən TOPCOP layihəsinin tərəfdaş qurumudur. Layihə fəaliyyətləri gömrük sahəsində təlim potensial və imkanlarının gücləndirilməsi və Azərbaycanda gömrük xidməti orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir. Layihənin milli əlaqələndirici qurumu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir (DİN). Layihə çərçivəsində iki qurumda – DİN Polis Akademiyası və DGKA-da Potensialın Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxslər təyin edilmişdir.