Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyası ilə “TIM Consulting” arasında anlaşma memorandumu imzalanıb

Gömrük Akademiyası ilə “TIM Consulting” arasında anlaşma memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “TIM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, “TIM Consulting” MMC-nin İcraçı direktoru Teymur Hacıyev və Akademiyanın əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqı salamlayaraq Akademiyanın fəaliyyət istiqamətləri haqqında məlumat verib. İkitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açan Qulu Novruzov tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub. Akademiyanın rəisi aparıcı İT şirkətlərindən biri olan “TIM Consulting” ilə imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyi vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən “TIM Consulting” MMC-nin İcraçı direktoru Teymur Hacıyev Akademiyanın müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.   O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açaraq, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “TIM Consulting” MMC-nin İcraçı direktoru Teymur Hacıyev birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

Görüşün sonunda simvolik hədiyyələr təqdim olunub.