Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Erasmus Village” tədbirində

Gömrük Akademiyasının tələbələri “Erasmus Village” tədbirində

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “Erasmus Village” layihəsinin tədbiri keçirilib.
 
Ali təhsil müəssisələrinin, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri də iştirak ediblər.
 
Layihənin açılış mərasimində “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin sədri Əli Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şöbə müdiri Toğrul Məmmədli, Azərbaycanda “Horizon Europe” proqramının milli əlaqələndiricisi İlham Hümbətov, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, AHK və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev çıxış ediblər.
 
Tədbirdə iştirakçılara Erasmus+ proqramının Azərbaycan vətəndaşları üçün təklif etdiyi imkanlar və proqramın insan kapitalının inkişafında verəcəyi faydaları barədə ətraflı məlumat verilib.
 
Gün boyu davam edən layihə çərçivəsində iştirakçılar xaricdə təhsil almaq və təcrübə keçmək ilə bağlı müxtəlif interaktiv sessiyalarda iştirak etmək imkanı da əldə ediblər. Həmçinin “Erasmus Village” layihəsinin tərkib hissəsi olaraq xarici ölkələrin diplomatik nümayəndəlikləri, beynəlxalq təşkilatlar, yerli ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr şöbələri, beynəlxalq məlumat mərkəzləri kimi qurumların iştirakı ilə “Beynəlxalq təhsil və təcrübə” adlı sərgi də təşkil olunub.
 
Qeyd edək ki, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi 2016-ci ildə təşəbbüs qrupu olaraq yaradılıb, 2019-cu ildə isə rəsmi qeydiyyata alınıb. Birliyin əsas fəaliyyət sahəsi gənclərin “Erasmus+” və digər proqramlar vasitəsilə xaricdə təhsil almasına və təcrübə qazanmasına dəstək olmaq, “Erasmus+” proqramının məzunları arasında əlaqə yaratmaq, beynəlxalq könüllülük proqramlarını təşviq etmək, inklüziv təhsilin inkişafına töhfə vermək, əcnəbi tələbə gənclərin ölkəmizdə sosial və mədəni inteqrasiyasına yardım etməkdən ibarətdir.