Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının beynəlmiləlləşmə təcrübəsi “ECAR” layihəsinin təlimində paylaşıldı

Gömrük Akademiyasının beynəlmiləlləşmə təcrübəsi “ECAR” layihəsinin təlimində paylaşıldı

 
Bakı Biznes Universitetində (BBU) Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “Ali təhsildə potensialın gücləndirilməsi” fəaliyyət kateqoriyasında həyata keçirilən (15.01.2021-14.01.2024) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində “Ali təhsildə beynəlmiləlləşmə” mövzusunda təlim keçirilib.
 
Layihənin benefisiar tərəfdaş qurumu kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasını (DGKA) Beynəlxalq Əməkdaşlıq və Layihələr üzrə koordinator Elvin Mecidov təmsil edərək, DGKA-nın dövlət ali təhsil müəssisəsinin beynəlmiləlləşməsi fəaliyyət istiqaməti üzrə yanaşması və təcrübəsi haqqında təqdimatla çıxış edib. Akademiyanın beynəlmiləlləşməsinin əsas istiqamətlərini, təcrübələrini, nailiyyətlərini və gələcək hədəflərini qeyd etməklə yanaşı o, layihənin Azərbaycan benefisiar tərəfdaş ali təhsil müəssisələrində beynəlmiləlləşdirmə strategiyalarının qəbul edilməsi ilə bağlı təkliflə çıxış edib və bu strategiyaların əhəmiyyətini vurğulayıb. Onun təqdimatında Gömrük Akademiyasının mili və qlobal yanaşmalara malik fərqli və unikal rolu izah edilərək, DGKA-nın Təhsil Nazirliyi tərəfindən akkreditə edilmiş xüsusi təyinatlı ali təhsil müəssisəsi, Dövlət Gömrük Komitəsi tabeliyində gömrük xidməti orqanlarının peşəkar kadr hazırlığı, təlim və tədqiqat strukturu, Ümumdünya Gömrük Təşkilatının Azərbaycanda Regional Təlim Mərkəzi olması qeyd edilib. Bu baxımdan, təlim iştirakçılarına DGKA-nın multifunksionallığı, əsas status və rolları, göstərilən fəaliyyət sahələrində, o cümlədən ali təhsil sahəsində Akademiyanın fərqli beynəlmiləlləşmə çərçivələrinin mövcudluğu çatdırılıb.
 
BBU tərəfindən təşkil edilmiş və “EFMD Global” (Brüssel, Belçika) şirkətinin ekspertləri Kristof Terrasse (Beynəlxalq Layihələr direktoru) və Jan Baptist Maillard tərəfindən keçirilmiş seminarda ECAR layihəsinin Azərbaycandakı tərəfdaş qurumlarının beynəlxalq ofislərinin nümayəndələri iştirak edərək təşkilati beynəlxalq fəaliyyətlər haqqında təqdimatlarla çıxış ediblər. EFMD ekspertləri Avropada Ali Təhsil sektorunun təkamülü ilə formalaşmış və bilavasitə həmin sektoru formalaşdırmış qurumlardan biri olan EFMD-nin beynəlxalq şəbəkələrin yaradılması üzrə EFDM mexanizmləri, fəaliyyət və xidmətlərin panoramasını (keyfiyyət, beynəlmiləlləşmə, qloballaşma, korporativ məsuliyyət, təsirlər, beynəlxalq əməkdaşlıq) təqdim ediblər və Azərbaycanda ECAR layihəsi çərçivəsində yaradılması nəzərdə tutulan Rektorlar Konfransı üçün potensial uğur nümunələrini, o cümlədən, ali təhsil qurumlarınının beynəlxalq akkreditasiya və reytinq proqramlarında iştirakı ilə bağlı EFMD təcrübələrini auditoriyanın diqqətinə çatdırıblar.
 
Gömrük Akademiyasının ECAR layihəsində tərəfdaşlığına 2021-ci il ərzində layihə konsorsiumu tərəfindən baxılıb, 2021-ci ilin dekabrında Avropa Təhsil və Mədəniyyət İcraçı Agentliyi Akademiyanın layihəyə benefisiar olaraq qoşulmasını qəbul edib və layihənin qrant müqaviləsinə müvafiq düzəlişi qəbul edib. 2022-ci ilin fevralında DGKA-nın layihədə iştirakı Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Aİ-nin Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinator qurumu Bakı Biznes Universitetidir. Layihə 18 Azərbaycan ali təhsil müəssisəsi, Aİ ölkələrindən (Belçika, Fransa, İsveç, Litva, Polşa) 7 tam tərəfdaş qurum və Aİ ölkələrindən olan 4 assosiativ tərəfdaş müəssisədən ibarət konsorsium tərəfindən həyata keçirilir.
 
Avropa Komissiyasının bu layihəniт məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.