Gömrük Akademiyasının tələbələri “Açıq qapı günü”ndə iştirak ediblər
Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq Baş Prokurorluq tərəfindən “Açıq qapı günü” təşkil edilib.
Prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə bağlı gənc hüquqşünasları məlumatlandırmaq məqsədilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirdə digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.
Qonaqlara prokurorluq orqanlarında həyata keçirilən ardıcıl tədbirlər, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla görülmüş işlər, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı məlumat verilib. Tədbir zamanı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə ətraflı bəhs edilib.
İştirakçılara ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısametrajlı film nümayiş olunub.
Gənc hüquqşünaslar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani şəkildə tanış olaraq prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıblar.