Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin Fransa təlim səfərində təmsil olunub

Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin Fransa təlim səfərində təmsil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Fransa Respublikasında 03 – 07 oktyabr 2022-ci il tarixlərində keçirilən təlim proqramında təmsil olunub.

Fransa Beynəlxalq Təhsil təşkilatında (“France Education International”, FEI) keçirilən ilk görüşdə Akademiyanın Tədris və İnnovasiyalar üzrə rəis müavini Araz Aslanlı, Elmi İşlər üzrə rəis müavini Cəmilə Namazova, eləcə də layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri,prorektorlar və digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Təlimin məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması məqsədilə işçi komitələrin qurulması sahəsində Avropa təcrübələrinin öyrənilməsidir.

Tədbirin ilk günündə FEI-nin beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və onları Fransada görməkdən məmnun olduğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğulayıb.

Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxış edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.

Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilərək qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlayıb.