Baş Prokurorluqda gömrük əməkdaşları uçün təlimlər keçirilib
Hüquq-mühafizə orqanları işçilərinin peşə vərdişlərinin daha da təkmilləşdirilməsi sahəsində birgə səylərin səfərbər edilməsi məqsədilə ixtisaslaşdırılmış tədris müəssisələri ilə Baş Prokurorluq arasında imzalanmış müvafiq əməkdaşlıq memorandumları üzrə tədris tədbirləri uğurla davam etdirilir.
15-16 sentyabr 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasının, DGK Əməliyyat-İstintaq Baş İdarəsinin və Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları İdarəsinin Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə gömrük orqanları tərəfindən aşkar edilən hüquqpozma faktları üzrə foto və videoçəkilişlərin tətbiqinin qanunvercilik əsasları və onlardan istifadə edilməsi metodikası, bu sahədə təcrübi fəaliyyətdə mövcud olan bəzi nöqsanlar və vahid təcrübənin və vərdişlərin formalaşdırılması mövzusunda təlimlər keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 45 nəfər əməkdaşı iştirak edib.
İlk öncə tədbirdə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənilib.
Tədbirdə təlimçi qismində Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının baş müəllimi Şahin Hüseynov, həmçinin Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları iştirak edib.
Təlim çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə foto və videoçəkilişin aparılma qaydasını və taktikasını, əldə edilmiş dəlillərdən istifadə metodikasını əks etdirən nəzəri və praktiki məşğələlər tədris edilib, dinləyicilər Baş Prokurorluğun inzibati binalar kompleksinin funksional imkanları və texniki təchizatı ilə tanış olublar.