Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbini uğurla başa vurublar

Gömrük Akademiyasının tələbələri “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbini uğurla başa vurublar

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbənin iştirak etdiyi 1 aylıq Yay Məktəbi yekunlaşıb. Bu münasibətlə Bakı Konqres Mərkəzində Yay Məktəbinin təntənəli bağlanış mərasimi baş tutub. Mərasimdə Vəkillər Kollegiyasının və Gənclər Fondunun rəhbərliyi, bir çox dövlət orqanlarının, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər şəxsləri, hüquq müdafiəçiləri, beynəlxalq səviyyədə tanınan təlimçi-ekspertlər ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kollegiyanın sədri Anar Bağırov çıxış edərək layihənin yekunlarına həsr edilmiş mərasimdə iştirak edən hər kəsi salamlayıb və bildirib ki, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də uğurla davam etdirilən gənclər siyasəti nəticəsində cəmiyyətimizdə gənclərin ictimai həyatın bütün sahələrində fəallığı artıb. O, yay məktəbinin gözləntiləri doğrultmasından, gələcəkdə bu kimi layihələrin davamlı keçiriləcəyindən, gənclərə dəstəyin daim diqqət mərkəzində olmasından bəhs edib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihənin uğurlu təşkili və başa çatması münasibətilə yay məktəbinin təşkilində əməyi keçən hər kəsi və iştirakçıları təbrik edib, məktəbin gənc hüquqşünasların həm də praktiki biliklərinin artırılmasında böyük töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edən digər qonaqlar gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verən bu cür layihələrin gənc nəslin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bundan əlavə, yay məktəbində iştirak edən bir neçə fəal tələbə də bu məktəb barədə öz təəssürat və fikirlərini bölüşüb, yay tətillərinin səmərəli keçirilməsində verilən töhfələrə görə təşəkkürlərini bildirib və bu kimi layihələrin davamlı olmasını arzulayıblar.

Qeyd edək ki, yay məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlara məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər, səhnələşdirilmiş məhkəmə müsabiqələri Ali Məhkəmənin, Nəsimi Rayon Məhkəməsinin hakimlərinin, Prokurorluq orqanlarının əməkdaşlarının və təcrübəli vəkillərin iştirakı ilə təşkil edilib.

Tədbirin yekununda yay məktəbini uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib, verdikləri töhfələrə görə təlimçilərə təşəkkürnamə təqdim olunub.