Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin açılış mərasimində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin açılış mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 15 iyul - 15 avqust tarixlərini əhat edən  “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Vəkillər Kollegiyasının, Gənclər Fondunun, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər nümayəndələri, deputatlar, beynəlxalq səviyyədə tanınan təlimçi və ekspertlər, eləcə də KİV nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbirdə Kollegiya sədri Anar Bağırov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıblar. Anar Bağırov ölkədə ilk dəfə bu miqyasda Yay Məktəbinin keçirilməsindən, tədris proqramında tələbələr üçün olduqca faydalı şəkildə hazırlanmış mövzulardan, ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın uğurlarından, vəkil bürolarında keçirilən təcrübə proqramlarından bəhs edərək peşəkar həmkarlarını gələcək hüquqşünas kadrlarının yetişdirilməsi istiqamətində öz biliklərini bölüşməyə çağırıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər siyasətinin Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu Yay Məktəbinin gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhfə verəcəyini əminliklə qeyd edib.

Daha sonra mərasimdə çıxış edən qonaqlar gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə vermək məqsədilə keçirilən layihənin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimləri əhatə edən və 12 yerli, həmçinin beynəlxalq universitetlərdən 300-ə yaxın hüquqşünas tələbənin qatıldığı Yay Məktəbində Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisasının 16 tələbəsi iştirak edir.

Yay Məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, o cümlədən fərqlənmə ilə bitirən 30 nəfər tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak edəcəklər.