Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin kursunu uğurla tamamlayıblar
Gömrük Akademiyasının əməkdaşları Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin kursunu uğurla tamamlayıblar
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əməkdaşları 11-15 iyul 2022-ci il tarixlərində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Mütəşəkkil Cinayətkarlığa Qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində Avropa İttifaqının (Aİ) Hüquq-mühafizə Təlimləri Agentliyinin (CEPOL) tərəfindən təşkil edilmiş “Təlimçilərin təlimi” kursunu uğurla tamamlayıblar. Təlimdə Azərbaycandan Gömrük Akademiyasının iki əməkdaşı Firuzə Kərimova və Tairə Axundova ilə yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bir əməkdaşı da təmsil olunub. Azərbaycan ilə yanaşı təlimdə Aİ Şərq Tərəfdaşlığı proqramına daxil olan altı tərəfdaş ölkədən digər üç ölkənin (Gürcüstan, Moldova, Ermənistan) doqquz nümayəndəsi də iştirak edib.
Hədəf qrupu hüquq-mühafizə orqanlarının təlim mərkəzlərinin əməkdaşlarını əhatə edən təlimin əsas məqsədi hədəf qruplarının təlim-tədris prosesində öyrənmə və texnologiyanın bir-birini necə tamamlaya biləcəyi, qarışıq öyrənmə (blended learning) və təlim metodları, təlim proqramlarının dizaynı və hazırlanmasının təkmilləşdirilməsi, eləcə də Öyrənmə İdarəetmə Sistemləri (LMS) və onların xüsusiyyətləri haqqında biliklərini artırmaq, həmçinin təlimçilərə öz təlim fəaliyyətlərini daha səmərəli təşkil etmək üçün müxtəlif rəqəmsal resurslardan istifadə imkanlarını artırmaqdan ibarət olub.
Praktiki təcrübələr əsasında davam edən təlimin gündəliyinə uyğun olaraq layihə meneceri Kristos Konstantinidis və təlimçilər tərəfindən iştirakçılara öyrənmə paradiqmaları və prinsipləri, ID (tədris dizaynı) modelləri və ehtiyacların qiymətləndirilməsi, “Moodle” ilə praktik fəaliyyətlər, “collaborative” (birgə) öyrənmə, tədris fəlsəfəsinin yaradılması və digər mövzular ətrafında geniş məlumat verilib.
Təlimi müvəffəqiyyətlə tamamlamış iştirakçılar, o cümlədən Gömrük Akademiyasının əməkdaşları kursun son günündə CEPOL sertifikatları ilə təltif olunublar.
CEPOL-un Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün nəzərdə tutduğu, Azərbaycanın da iştirak etdiyi, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və 2020-2024-cü illəri əhatə edən TOPCOP layihəsi çərçivəsində təşkil edilən təlimlərə Azərbaycan gömrük xidməti orqanlarının seçilməsi və təlimlərdə iştirakı DGKA vasitəsilə həyata keçirilir. Akademiya 2021-ci ilin may ayından Azərbaycanda gömrük sahəsində potensialın gücləndirilməsi və təlimlər istiqamətində TOPCOP layihəsinin tərəfdaşı və koordinasiya qurumudur. Layihənin milli əlaqələndirici qurumu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir (DİN). Akademiyanın TOPCOP tərəfdaşlığı nəticəsində Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları layihə çərçivəsində həyata keçirilən müxtəlif kurslar, modullar, seminarlar, vebinarlar və təlimlərdə iştirak hüququ qazanmışdır.