Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə “Coders Azerbaijan” Tədris Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Gömrük Akademiyası ilə “Coders Azerbaijan” Tədris Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “Coders Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, “Coders Azerbaijan” Tədris Mərkəzinin həmtəsisçisi, idarə heyətinin üzvü Seymur Həmidov və mərkəzin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onlara Akademiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İkitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açan Qulu Novruzov tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə  toxunaraq imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyi vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən “Coders Azerbaijan” Tədris Mərkəzinin idarə heyətinin üzvü Seymur Həmidov Akademiyanın müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.   O, 2015-ci ildə fəaliyyətə başlamış və 2017-ci ildən İT sahəsinə ixtisaslı kadrlar qazandırmaq məqsədilə veb proqramlaşdırma mərkəzi olaraq fəaliyyətini davam etdirən “Coders Azerbaijan” MMC haqqında ətraflı məlumat verib. Seymur Həmidov qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “Coders Azerbaijan” Tədris Mərkəzinin həmtəsisçi və idarə heyətinin üzvü Seymur Həmidov birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

Görüşün sonunda simvolik hədiyyələr təqdim olunub.

Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından tanış olublar.