Gömrük Akademiyasında məzun günü keçirilib
İyunun 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üzrə “Məzun günü” qeyd olunub. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, məzunları və onların valideynləri iştirak ediblər.
Tədbirdə ilk öncə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Akademiyanın fəaliyyətini özündə əks etdirən geniş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib, onların məzun olduğu dövrün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonrakı şərəfli və tarixi bir zamana təsadüf etdiyini diqqətə çatdırıb. Qısa zaman ərzində Akademiyanın yüksək nailiyyətlərə imza atdığını diqqətə çatdıran Qulu Novruzov cari ilin məzunlarının 4 illik tədris illərinin son 2 ilinin pandemiya dövrünə təsadüf etdiyinə və bu səbəbdən yaranmış çətinliklərə baxmayaraq Akademiya fəaliyyətini uğurla davam etdirərək keyfiyyətli təhsili ilə daim fərqləndiyini qeyd edib. Akademiyanın əvvəlki illərinin məzunlarının 44 günlük Vətən müharibəsindəki qəhramanlıqlarından söz açan Qulu Novruzov torpaqlarımızın işğaldan azad edilməsində məzunlarımızın da pay sahibi olmaqlarının hər birimiz üçün qürürverici olduğunu bildirib. Şanlı qələbədən sonra Qarabağda geniş vüsət alan abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsində gənc kadrların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Qulu Novruzov Akademiyanın məzunlarının bu tarixi missiyada yaxından iştirak etməklə, ümummilli prosesə töhfə verəcəklərinə ümidvar olduğunu qeyd edib.
Keyfiyyətli tədris prosesi sayəsində yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi istiqamətində dəstəyini daim göstərən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki cənab Səfər Mehdiyev başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə, əməkdaşlarına və bu şərəfli missiyanın yerinə yetirilməsində önəmli pay sahibi olan məzunların valideynlərinə öz təşəkkürünü bildirən Qulu Novruzov, məzun adını qazanmış bütün tələbələri bir daha ürəkdən təbrik edərək onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbirdə çıxış edən məzunların valideynləri Akademiyanın fəaliyyətini yüksək qiymətləndirərək təhsil aldıqları müddətdə övladları üçün yaradılan hər bir şəraitə görə, Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.
Öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşən məzunlar da Akademiyada təhsil aldıqları müddətdə rəhbərlik və professor-müəllim heyəti tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini və məzun olduqları xüsusi təyinatlı ali təhsil müəssisəsi ilə qürur duyduqlarını bildirərək gələcəkdə də öz fəaliyyətləri ilə Gömrük Akademiyasının adını daim uca tutacaqlarını qeyd ediblər.
Tədbirdə çıxış edən Akademiyanın 2019/2020-ci tədris ilinin məzunu, 44 günlük Vətən müharibəsi iştirakçısı İmamverdi Novruzov da məzunları təbrik edərək, onlara Vətənimizin tərəqqisi naminə bundan sonra da uğurla çalışmağı tövsiyə edib.
Daha sonra yüksək akademik göstəricilərinə və Akademiyanın ictimai-sosial həyatında, mədəni-kütləvi tədbirlərində göstərdikləri xüsusi fəallığa görə fərqlənən məzunlara "Fəxri Fərman"lar təqdim olunub.
Sonda məzunların ənənəvi "papaq atma" mərasimi keçirilib.