Baş səhifə
Xəbərlər
Akademiya
"X-Ray (Rentgen) təsvirlərinin təhlili" mövzusunda təlim başa çatıb

"X-Ray (Rentgen) təsvirlərinin təhlili" mövzusunda təlim başa çatıb

Martın 6-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-Ray (Rentgen) təsvirlərinin təhlili" mövzusunda keçirilən dördgünlük təlim başa çatıb.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə ABŞ-ın İxraca nəzarət və müvafiq sərhəd təhlükəsizliyi proqramı layihəsi çərçivəsində reallaşdırılan təlimdə Komitənin aidiyyəti struktur bölmələri, ərazi və ixtisaslaşmış gömrük idarələri və Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları iştirak ediblər.

Təlimlər ABŞ-ın İxraca nəzarət və müvafiq sərhəd təhlükəsizliyi proqramının təlimçiləri Devid Dyuk və Riçard Kastillo tərəfindən aparılıb.

Təlimçilər radiasiya maariflənməsi, avadanlıq texnologiyası, əməliyyat prosedurları, təsvirin oxunması, müsahibə texnikaları, davranış analizləri, sərnişin nəqliyyat vasitəsi təsvirinin analizi, yük nəqliyyat vasitələrinin analizləri və digər mövzularda iştirakçılara ətraflı məlumat veriblər, təqdimatlarla çıxış ediblər.

Seminarın sonunda təlim iştirakçılarının bilikləri qiymətləndirilib və onlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd X-Ray (Rentgen) aparatında çalışan gömrük əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, ABŞ təcrübəsini paylaşmaq, həmçinin qarşılıqlı təcrübə mübadiləsini həyata keçirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi