Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Ağ ölümə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

Gömrük Akademiyasında “Ağ ölümə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Ağ ölümə yox deyək!” adlı maarifləndirici seminar keçirilib. Gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov narkomaniyanın acı fəsadlarından bəhs edərək narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılmasının önəmini qeyd edib. İslam Hüseynov ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər ərzində narkotik qaçaqmalçılığına qarşı mübarizənin güclənməsində gömrük orqanlarının səmərəli fəaliyyətini xüsusilə vurğulayıb. 30 il ərzində işğal altında olan ərazilərimizin düşmən tərəfindən narkotik vasitələrin ən böyük tranzit məkanına çevrildiyini qeyd edən İslam Hüseynov məhz 2020-ci ildə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham ƏIiyevin rəhbərliyində 44 günlük Vətən müharibəsinin zəfərlə bitməsi və torpaqlarımızın azad edilməsi nəticəsində düşmənin bu cür çirkin əməllərinin də qarşısının alındığını bildirib. Akademiyanın başlıca məqsədlərindən birinin yüksəkixtisaslı peşəkar kadrlarla yanaşı mədəni-əxlaqi dəyərlərə sahib vətənpərvər fərdlər yetişdirmək olduğunu qeyd edən İ.Hüseynov tələbələrə dövlət üçün layiqli vətəndaş olmaları, daim yüksək amallar naminə fəaliyyət göstərmələri istiqamətində yorulmadan çalışmalarını və özlərini inkişaf etdirmələrini tövsiyə edib.

Daha sonra, Akademiyanın tibb şöbəsinin əməkdaşı Səbirə Əlişova geniş təqdimatla çıxış edərək narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu qeyd edib. O, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar haqqında bəhs edib, sağlam həyat tərzinin təbliği barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Çıxışının sonunda Səbirə Əlişova gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.

Tədbirdə həmçinin narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.