Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb

Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilən ixtisasartırma təlimlərinin dinləyiciləri ilə görüş keçirilib. Görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və ixtisasartırma təlimlərinin dinləyiciləri iştirak ediblər.

6 həftə ərzində davam edəcək təlimin təşkili qaydaları ilə tanışlıq və dinləyicilərdən olan gözləntilərin müzakirəsi məqsədilə təşkil edilən ənənəvi görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq pandemiyadan sonra ilk dəfə olaraq əyani formada təşkil edilən təlimin əhəmiyyətindən bəhs edib.  Tədrisin keyfiyyətindən və təlim proqramının məzmunundan söz açan Akademiya rəisi dərslərin peşəkar mütəxəssislər tərəfindən aparıldığını, təlimlərin məzmununun məhz gömrük xidməti əməkdaşlarının təklifləri əsasında daha da təkmilləşdirildiyini qeyd edib. Qulu Novruzov gömrük sistemində aparılan islahatlara toxunaraq, müasir tələblərin gömrük xidməti əməkdaşları üçün fərqli bacarıqları zəruri etdiyini bildirib. O, gömrük xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən təlimdə əldə edəcəkləri zəruri bilik və bacarıqların vacib rolundan bəhs edib. Akademiya rəisi gömrük xidməti əməkdaşlarının peşə bacarıqları ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri və milli dəyərlərə sadiqliyinin önəmini vurğulayaraq sözügedən təlimlərin, həm də Akademiyanın tələbələrində yüksək stimul yaradacağını əminliklə qeyd edib.

Qulu Novruzov həmçinin təşkil edilən görüşün Ulu Öndər Heydər Əliyevin dogum gününün 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini vurğulayaraq Ümummilli liderin Azərbaycan xalqının tarixindəki əvəzolunmaz rolundan və misilsiz xidmətlərindən söz açıb. Akademiyanın rəisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə hissini xalqımıza yaşadan igidlərimizə, bu yolda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna ömrümüz boyu borclu olduğumuzu vurğulayıb.  O, qeyd edib ki, hər bir gömrük xidməti əməkdaşı Azərbaycan əsgərinin döyüş ruhuna adekvat olaraq fəaliyyət göstərməlidir.

Çıxışın sonunda Qulu Novruzov dinləyicilərə uğurlar arzulayaraq təlimlərdə əldə etdikləri bilik və bacarıqların xidməti fəaliyyətlərinin səmərəli təşkilinə önəmli töhfə verəcəyinə ümid edib. 

Qeyd edək ki, ixtisasartırma təlimlərinin hazırkı qrupunda 50 nəfər gömrük xidməti əməkdaşı təmsil olunur.