Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Gömrük Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əziz və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Abbasov iştirak ediblər.
Tədbirdə ilk öncə soyqırımı qurbanlarının, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra 31 Mart Soyqırımı həqiqətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq 104-cü ildönümü tamam olan 31 Mart Soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu qeyd edib. Soyqırımı siyasətinin xronologiyasına qısa nəzər salan Akademiya rəisi soyqırıma siyasi qiymətin verilməsinin xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Q.Novruzov məhz Müzəffər Ali Baş Komandanımızın və yenilməz Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbə nəticəsində tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb. Tariximizin qan yaddaşına yazılmış soyqırım cinayətlərinin heç zaman unudulmayacağını qeyd edən Akademiya rəisi gənclərə Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı keçmişini dərindən öyrənməyi tövsiyə edib və gələcək nəsillərə zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini vurğulayıb.
Çıxışının sonunda Qulu Novruzov soyqırım qurbanlarının timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün soydaşlarımıza Allahdan rəhmət diləyib.
Daha sonra tədbirdə məruzəçi qismində çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi, dövlətçilik tariximizin fəal tədqiqatçısı Boran Əziz 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakıda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrimizdə baş vermiş erməni terroru və vəhşiliklər barəsində faktlara və tarixi sənədlərə əsaslanan məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Boran Əziz gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, onların Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında bütün güclərini səfərbər etməli olduqlarını vurğulayıb.
Tədbir Akademiya tələbələrinin “31 mart-Soyqırımın təsviri” və “Böyük ermənistan xülyasının puç olması” mövzusundakı çıxışları ilə davam edib.