Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası üzrə hesabat, davam edən yaz semestrində tədrisin təşkili və digər cari məsələlər daxil edilib.
Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən öncə Qulu Novruzov təhsilin inkişafındakı xidmətlərinə, nümunəvi peşə fəaliyyətlərinə görə Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təltif edilən Akademiya əməkdaşlarına medallar, döş nişanları və Fəxri Fərmanlar təqdim edərək onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında hesabatla çıxış edərək yekun göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclas Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynovun cari tədris ilinin yaz semestrinə hazırlıqlarla bağlı görülmüş işlər və tədrisin təşkili haqqında geniş məruzəsi ilə davam edib.
Elmi Şurada həmçinin Gömrük işinin təşkili və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayevin dosent elmi adını almağına dair müvafiq vəsatətin qaldırılması məsələsi müzakirə olunub.
Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlər ətrafında fikirləri dinlənilib.
Sonda müzakirə olunan məsələlər bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.